22 iyul tarixində saat 19:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar.
Azinformasiya.az