Vladimir Putin və Şimali Koreya prezidenti arasında görüş olub

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, Pxenyanda baş tutan və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar təxminən bir saat yarım davam edib.

Görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Rusiyanın dünyadakı rolunu qeyd edib və xüsusi hərbi əməliyyatı (Ukraynada apardığı müharibə -red.) tam dəstəklədiyini bildirib.

“Koreya Xalq Demokratik Respublikasının hökuməti güclü Rusiya Federasiyasının dünyada strateji sabitliyin və tarazlığın qorunmasında mühüm missiyasını və rolunu yüksək qiymətləndirir, eyni zamanda Rusiya hökumətinə, ordusuna və xalqına suverenlik, təhlükəsizlik maraqları, eləcə də ərazi bütövlüyünü qorumaq üçün Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsində tam dəstək və həmrəylik ifadə edir”, – deyə Kim Çen In vurğulayıb.

O, həmçinin qeyd edib ki, dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir.

Kim Çen In əmin edib ki, KXDR Rusiyanın bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcək. O, bütün sahələrdə əməkdaşlığın və qarşılıqlı mübadilənin genişləndirilməsi ilə bağlı konstruktiv fikir mübadiləsinin mümkün olacağına ümid etdiyini bildirib.

Putin isə öz növbəsində qeyd edib ki, Moskva Pxenyanın, habelə Ukrayna istiqamətində ardıcıl və daimi dəstəyini yüksək qiymətləndirir.

O, əvvəlki nəsillərin şücaətini bu gün Rusiya ilə KXDR arasında münasibətlərin inkişafı üçün yaxşı əsas adlandırıb.

Putin, həmçinin bildirib ki, Moskva ilə Pxenyan arasında uzun illər münasibətlərin əsasını təşkil edəcək yeni fundamental sənəd hazırdır.

İki prezidentin qısa çıxış bəyanatlarından sonra görüş mətbuata qapalı davam edib.

Daha sonra Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir