“Son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur”.
“Azinform” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib.
Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında “ASAN İmza” əldə edirlər.
“Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır”, – deyə vergi rəsmisi qeyd edib.