Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.
Azinformasiya.Az xəbər verir ki, məlumatı TASS yayıb.
“Bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Səhmlər onun tam nəzarəti altında deyil. Şirkətin səhmlərinin 3,12 faizi ona məxsusdur, onun səsvermə hüququ yoxdur”, – şirkətdən bildiriblər.
Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində (o vaxtkı Razin) anadan olub.
O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOYL” şirkətinə prezidentlik edirdi. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.