“Azərbaycan Standartlaşdırma İnstitutu”nun vəzifəli şəxsi Rafiq Əzizov rüşvət almaqda ittiham edilərək həbs edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Artıq cinayət işinin istintaqı tamamlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Rafiq Əzizov 2016-cı ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə ilə işə qəbul olunub. Sözügedən Komitə 2018-ci ildə ləğv olunaraq səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Xidmətin tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir:
“Bu tədbirlər çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib”.