“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlu dələduzluq və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinərək həbs olunub.
Bu barədə Azinformasiya.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, B.Rüstəmovun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib: “Bundan başqa, Bəhram Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, ilkin araşdırmalarla B.Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu “Bəyaz TV.Az” MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla B.Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir”.