“Son vaxtlar koronavirusun “Omikron” ştamının sürətlə yayılması qarşıdan gələn Milad və Yeni il bayramları ilə bağlı bəzi şənliklərin ləğv edilməsi zəruriliyini ortaya çıxarır”.
Azinformasiya.Az BBC-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
“Həyatın yarımçıq qalmasındansa bayram tədbiri ləğv edilsə yaxşıdır”,- deyən təşkilat rəhbəri “Omikron” variantının “Delta”dan daha sürətlə yayıldığının birmənalı olduğunu söyləyib.
Onun sözlərinə görə, hamımız bu pandemiyadan cana doymuşuq: “Hamımız dostlarla, ailəmizlə vaxt keçirmək istəyir, işlərin normaya qayıtmasını arzulayırıq. Bunun ən qısa yolu hamımız üçün, liderlərdən tutmuş fərdi şəxslər üçün özümüzü və ətrafdakılarımızı qoruyacaq çətin qərar verməkdən keçir. Bəzi hallarda, bu, tədbirləri ləğv etmək, yaxud təxirə salmaq deməkdir. İndi şənlənib sonra kədərlənməkdənsə indi şənliyi təxirə salıb başqa vaxt keçirmək daha yaxşıdır”.
O, gələn ilin ortalarınadək hər ölkədə əhalinin 70 faizinin peyvənd olunacağı halda pandemiyanın 2022-ci ildə qurtaracağını vurğulayıb.