Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırdır. Ancaq Rusiya buna razılıq verməzsə, ABŞ-dan sərt reaksiya olmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
“Mən ikitərəfli görüşə dərhal cavab verdim. Biz hazırıq. Bəs ruslar hazır deyilsə, necə? Avropalılar bu məsələni qaldırdılar. Əgər ruslar hazır deyilsə, o zaman biz ABŞ-dan buna sərt reaksiya görmək istərdik”, – Zelenski vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın mövqeyinə əsasən, Vladimir Putin əvvəlcə onunla ikitərəfli görüşə, daha sonra isə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə razılıq verməlidir.
Zelenskinin fikrincə, görüşün neytral Avropada keçirilməsi daha ədalətli olardı: “Moskvada görüş ola bilməz. Avropa liderləri də bunu dəstəkləyir, çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. Ukrayna ruslarla, məsələn, İsveçrədə, Avstriyada, Türkiyədə görüşə qarşı deyil, ancaq Moskvada qətiyyətlə yox. Budapeştə gəlincə, bu mübahisəli və çətin məsələdir, çünki Budapeşt Ukraynanın dəstəklənməsinə qarşı çıxırdı”.
Ukrayna Prezidenti, həmçinin qeyd edib ki, artıq görüşlərin üçüncü mərhələsində Oval ofisdə Avropa liderlərinin iştirakı ilə Trampın Putinlə müzakirəsindən sonra Amerika tərəfdən ruslarla görüşə hazırlıq üzrə koordinasiya qrupunun tərkibi də müəyyənləşdirilib.
Onun sözlərinə əsasən, bu qrupa ABŞ dövlət katibi Marko Rubio, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və ABŞ-ın vitse-prezidenti Cey Di Vens daxildir.
Azinformasiya.az