“Rusiya həmişə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarı olub. Üstəlik, Moskva Ankara və Yerevan arasında müsbət siqnallar mübadiləsini gördü”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
“Daha əvvəl biz vasitəçi rolunda birbaşa iştirak edirdik və 2009-cu ildə Sürixdə “Sürix protokolları”nın imzalanmasında təşəbbüskar olmuşuq. Protokollar Türkiyə və Ermənistan arasında heç bir şərt olmadan münasibətlərin tədricən yaxşılaşdırılmasını nəzərdə tuturdu. Həmin vaxt Rusiya bu məsələdə təsirli rol oynayırdı. Ancaq tərəflər Rusiyanın vasitəçiliyi ilə əldə edilən təşəbbüsləri həyata keçirmədi. Bu, hər bir dövlətin öz iradəsi idi”, – deyə Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya qarşılıqlı hörmət və maraqları nəzərə alaraq iki qonşu dövlətin yaxınlaşmasını təşviq etməyə hazırdır:
“Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yanaşı, Ankara-Yerevan münasibətlərinin də düzəlməsi regionda sülh, stabillik və inkişafa xidmət edərdi. “Altılıq platformasına” gəlincə, bu format bütün potensial iştirakçıların maraqlarına cavab verə, Cənubi Qafqazda sülhün, etimadın gücləndirilməsinə və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına kömək edə bilər”.