Torpağı bərəkətli edən havası, suyu, müqəddəs edən isə Şəhid qanıdır

8 Noyabr günü – 28 illik Qarabağ, Şuşa həsrətinə son qoyulduğu, Şəhidlərimizin, yurdundan ayrı düşmüş vətəndaşlarımızın qisasının alındığı gündür. Xalqımız 30 ilə yaxın bir müddətdə torpaqlarımızın azadlığı uğrunda çoxlu qurbanlar vermişdir. I Qarabağ müharibəsində 20 mindən çox, II Qarabağ müharibəsində isə 3 minə yaxın Şəhid qəhrəmanımız haqq yolunda canından keçmişdir. Düşmənin 4 ilə işğal etdiyi torpaqlar 44 günə azad edilmşdir. Zəfər Günü Azərbaycan xalqının sevincinin, xoşbəxtliyinin, qürurunun simvoludur.

Azinformasiya.Az Azərbaycan Ordusu ikinci Qarabağ savaşına başlamaq üçün kifayət qədər siyasi və hüquqi zəmin hazırlamışdır. Belə ki, 1993 – ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi haqqında 4 qətnamə qəbul edilmişdir. Həmçinin Qarabağda erməni işğalına sülh yolu ilə son qoymaq üçün ATƏT- in Minsk qrupu yaradılmışdır. Lakin BMT öz sülhməramlı missiyasını yerinə yetirmədiyi kimi ATƏT – in Minsk qrupunun fəaliyyəti də müsbət nəticə vermədi. Eyni zamanda bu məsələnin həll olunmasında demək olar ki, həvəssiz olan Rusiya hakimiyyətinin mənfi mövqeyi və davranışları da bu munaqişənin sülh yolu ilə həllinə imkan yaratmadı. Münaqişənin dondurulmuş vəziyyətdə qalması böyük dövlətlərin ümumi maraqlarına da uyğun idi.

Artıq bu missiyanı beynəlxalq hüquq qaydalarına uyğun olaraq Azərbaycan özü həll etmək məcburiyyətində idi. BMT- nin əsas prinsiplərindən biri də odur ki, hər bir dövlət öz suveren ərazisini və öz dövlət sərhədlərinin təhlükəsizliyini qorumaq hüququna malikdir. Bu prinsipi əsas tutaraq dövlətimiz özünmüdafiə hüququnu özündə saxlamışdır.

Məlumdur ki, İkinci Qarabağ müharibəsindən 2 ay əvvəl, iyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətmiş, Bakı – Tibilisi-Ceyhan boru kəmərində təhlükə yaratmaq, nəzarəti ələ keçirmək üçün təxribata əl atmışdılar. Sözsüz ki, Azərbaycanın müzəffər ordusu düşmənə layiqincə, rəşadətlə cavab verdi.

 

Azərbaycanın prezidenti, Ali baş komandan Cənab İlham Əliyevin istər diplomatik sahədə, istər daxili, istərsə də xarici siyasətdəki uğurları dövlətimizin mövqelərində böyük üstünlüklər qazandırmışdır. Uzun illər boyu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya siyasəti ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrini dəfələrlə gücləndirmiş, dövlətimizin BMT, ATƏT, MDB, İƏT, GUAM kimi beynəlxalq və regional təşkilatlarda nüfuzunu artırmaqla yanaşı, bu təşkilatlarda söz sahibinə çevirmişdir. Məhz bunun nəticəsi idi ki, müharibə dövründə İslam Əməkdaşlıq Təşkilatı, həmçinin 19 oktyabr 2020-ci ildə BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın haqq işini müdafiə etmişdir.

On illiklər boyu Azərbaycanın ardıcıl şəkildə artan beynəlxalq nüfuzu, müttəfiqləri Türkiyə və Pakistanla, digər dost ölkələrlə həyata keçirilən hərbi-siyasi əməkdaşlıq Vətən Müharibəsi dövründə ölkəmizin geosiyasi mövqeyini və hərbi-siyasi gücünün daha da artırdı. Azərbaycan bu dövrə qədər öz hərbi potensialını, hərbi – texniki bazasını gücləndirmiş, modern silahlarla təchiz olunmuşdur. Ölkəmiz bu əməliyyata həm ideoloji, həm siyasi, həm də hərbi baxımdan tam şəkildə hazır idı.

Erməni faşistləri sentyabr ayında havadarlarının ənənəvi dəstəyinə ümid edərək təxribat xarakterli addımlar atmağa davam edirdilər. Azərbaycan dəfələrlə beynəlxalq müstəvidə, Qoşulmama hərəkatında, BMT nin Təhlükəsizlik Şurasındakı çıxışlarında bəyan etmişdir ki, bu terror istiqamətli hərəkətlərə son qoyulmalıdır, faşist təfəkkürlü davranışlar bütün regional gücləri, Şərqdən Qərbə gələn enerji koridorlarını təhdid altına alır. Lakin bu çıxışlara məhəl qoyulmurdu.

2020 – ci ilin 27 sentyabrında Azərbaycan ordusu bütün bunlara cavab olaraq Qarabağda əks – həmlə – Dəmir Yumruq əməliyyatına başladı. Müharibədən 1 gün sonra qismən hərbi səfərbərlik elan olundu.

İlk əməliyyatlar bir neçə istiqamətdə aparılırdı və bu proseslər olduqca ağır, çətin çoğrafi şəraitdə gedirdi. 30 ilə yaxın bir müddətdə erməni faşistləri strateji baxımdan yüksəklərdə yerləşən Qarabağ bölgəsində çoxlu istehkamlar, hərbi sədlər yaratmışlar. Azərbaycanın qüdrətli ordusunun keçilməz sədd adlandırılan “Ohanyan səddi”ni necə yarması dünya hərb sənətinə hələdə sirrdir. Əməliyyatlar öncə şimal və cənub istiqamətlərdə aparılırdı. Şimalda Suqovuşan, Ağdərə istiqamətində, cənubdan isə Füzuli-Xocavənd istiqamətində davam edirdi.

Digər bir tərəfdən ordumuz Arazboyu ərazilərdə də geniş hərbi əməliyyatlar aparırdı. Arazboyu əməliyyatlarının ən böyük uğuru tarixi Xudafərin körpüsünün azad edilməsiydi. Xudafərin körpüsünün azad edilməsi güneyli soydaşlarımızın da sevincinə səbəb oldu. Xudafərin körpüsünün azad olunması tarixi ədalətin bərpa olunması idi.

İkinci ən strateji hədəf Hadrut istiqamətindəydi. Bu irəliləyiş Şuşada, Xankəndində tamamlanmalıydı. Hadrut döyüşlərinin ən böyük uğurlarından biri Azıx mağarasının azad edilməsiydi. Çünki Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının azad edilməsi tariximizin düşmən əsirliyindən qurtarılması demək idi.

Nəhayət, dünya hərb tarixində unudulmaz iz qoyan, hərb tarixi sənətinə böyük töhfə verən Şuşa əməliyyatı… Şuşa döyüşlərində Azərbaycan tərəfdə 600 Xüsusi Təyinatlı Qüvvələr döyüşdüyü halda onlara qarşı erməni terrorçularından 6000 nəfər vardı. Bu statistik rəqəmlər Azərbaycan türkünün gücünü, vətənə olan sevgisini, cəsarətini bir daha sübut edirdi.

Müzəffər Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən və Qarabağda düşmən işğalına son qoyan Vətən müharibəsi – Dəmir Yumruq əməliyyatı Qarabağ problemini həll etməklə yanaşı, eyni zamanda Ermənistanın gələcək ideoloji-siyasi tənəzzülünə zəmin yaratdı. Çünki istər siyasi, istər iqtisadi, istərsə də psixoloji baxımdan iflasa uğrayan Ermənistan cəmiyyəti və onun mövcud hakimiyyətini qarşıda ağır günlər gözləyir. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistanın tənəzzülünün başlanğıcı deməkdir.

XXI əsr türk-müsəlman dünyasının ilk zəfər salnaməsini biz yazdıq. Bizlər qalib ölkənin qalib vətəndaşlarıyıq, bu zəfər hər birimizin qürur mənbəyidir.

Şəfəq Ağalarlı

BDU Şərqşünaslıq fakültəsinin

II kurs tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir