Tokayev: Qazaxıstan 2022-ci il iğtişaşları zamanı Rusiyaya deyil, KTMT-yə müraciət etmişdi

Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olunub.

 

Azinformasiya.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli “”Egemen Qazaqstan” nəşrinə müsahibəsində bildirib.

Tokayev Qazaxıstanda baş verən iğtişaşlar zamanı (red. – 2022-ci ilin yanvar hadisələri nəzərdə tutulur) Rusiya hərbçilərinin ölkəyə dəvət edilməsi ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, ölkənin müxtəlif regionlarında xaos və anarxiya şəraitində, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan dövrdə, Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında ölkəsinə sülhməramlı kontingentin daxil edilməsi üçün KTMT-yə müraciət etmək qərara alınıb.

“Vurğulayıram: müraciət Rusiyaya deyil, Qazaxıstanın üzvü olduğu KTMT-yə idi. Müraciət zamanı qurumun sədri Ermənistan olub, bu il sədrlik Qazaxıstana keçib. KTMT kontingenti həqiqətən də sülhməramlı missiya yerinə yetirdi və həmin faciəvi dövrdə baş verən hadisələrin qarşısını almaq üçün rolunu oynadı”, – deyə Qazaxıstan prezidenti bildirib.

Qazaxıstan dövlət başçısı, həmçinin bildirib ki, KTMT-yə üzvü olan ölkələrlə razılığa əsasən, Təşkilatın kontingenti heç bir ilkin şərt qoyulmadan və vaxtından öncə ölkəni tərk edib.

“KTMT-nin sülhməramlı kontingenti antiterror əməliyyatında iştirak etməyib və bir dəfə də olsun atəş açmayıb. Erməni kontingenti şəhərin su kanalı və Aksay çörək zavodunu, Belarus kontingenti Jetigen hərbi aerodromunu, taciklər və qırğızıstanlılar müvafiq olaraq Almatı şəhərinin İES-1 və İES-2-ni, Rusiya hərbçiləri İES-3-ü və telekommunikasiya obyektlərini mühafizə edib. Ölkənin həyatı üçün vacib obyektlərə terror hücumları təhlükəsi var idi, ona görə də kontingent ora göndərildi. Ən əsası odur ki, bu, terrorla mübarizə əməliyyatları keçirmək üçün bizim hərbi qüvvələrimizin işini asanlaşdırdı”, – Tokayev diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir