Tehranda İran-Pakistan siyasi məsləhətləşmələrinin 12-ci raundu keçirilib

İran və Pakistan xarici işlər nazirlərinin müavinləri siyasi məsləhətləşmələr aparıb.

 

Azinformasiya.az xəbər verir ki, İran və Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin 12-ci raundu bu gün Tehranda İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kəni və Pakistan xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xanın iştirakı ilə keçirilib.

Danışıqlarda siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində ikitərəfli məsələlərin geniş spektri müzakirə edilib.

Tərəflər, eyni zamanda regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Danışıqlar zamanı qısa müddət ərzində bütün mövcud sazişləri nəzərdən keçirmək və onların həyata keçirilməsi üçün həll yollarını iki ölkənin səlahiyyətli orqanlarına təqdim etmək üçün işçi komitələrin formalaşdırılması razılaşdırılıb.

Qeyd edək ki, İran və Pakistan 2021-ci ildən bəri ilk dəfə siyasi məsləhətləşmələr aparıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir