“Son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər”.
Azinformasiya.Az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O qeyd edib ki, burada sərfəli olmayan bazar şərtləri də var: “Təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir.
Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların cəlb olunmasına ehtiyac var”.