“Təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür”.
Azinformasiya.Az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib.
“Bildiyiniz kimi Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, COVID-19-la mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Tibb işçilərinə göstərilən etimad və etibarı doğrultmaq üçün bundan sonra da təcili yardımın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq”, – o əlavə edib.
İ.Əliyeva həmçinin vurğulayıb ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: “Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir”.