Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası ikinci gündür davam edir.
“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, vaxt ötdükcə aksiya iştirakçılarının sayı artır.
Aksiya iştirakçıları arasında olan Azərbaycan Kyokuşin Karate Federasiyasının baş katibi Əbülfət Hacızadə “Report”a deyib ki, tədbir barədə sosial media vasitəsilə xəbər tutub:
“Əminik ki, aksiya bizim istəklərimizin yerinə yetirilməsi ilə nəticələnəcək”.
Ötən gün KİV-lər və sosial media vasitəsilə azərbaycanlı aktivistlərin keçirdiyi aksiyanı yaxından izlədiklərini deyən Ə.Hacızadə əraziyə vətəndaşlıq borcunu yerinə yetirmək üçün gəldiyini vurğulayıb:
“Vətən öz övladlarını çağırırdı və biz də o çağırışa gəlmişik. Bura gəlməyi, həmvətənlərimizlə birgə aksiyalara qoşulmağı özümüzə borc bildik.
Hazırda federasiyanın üzvləri, rəhbərliyi və digər idman cameəsi ilə birlikdə Xankəndi-Laçın yolundayıq. Biz bu aksiyada cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər kəsin vətən üçün birləşdiyinin, həmrəy olduğunun şahidi olduq”, – Ə.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.