Suraxanıda Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirici tədbir keçirilib – FOTOLAR

İxdiyar Nəcəfov :”Gün gələcək İlham Əliyev cənablarının da dediyi kimi, biz o torpaqlara dinc yolla, avtomobillərlə qayıdacağıq”

 

Azinformasiya.az  xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri: qayıdış və toponimlər” mövzusunda şagirdlər üçün maarifləndirici tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra dövlət himnimiz səsləndirilib. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Xəyalə Veysova qonaqları salamlayaraq Qərbi Azərbaycana qayıdışın günümüzün ən aktual mövzularından biri olduğunu bildirib: “Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Ermənilər XX yüzillik ərzində bir neçə dəfə fərqli bəhanələrlə qərbi azərbaycanlıları öz yurdlarından qovublar. Qərbi Azərbaycan İcmasının varlığı Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycanı unutmamasını şərtləndirir”.
Daha sonra Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov çıxış edib. O bildirib ki, hazırkı Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır: “Ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində Azərbaycan xalqı həmin torpaqlardan zorla köçürülüblər. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib. Tarixi Azərbaycan torpaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Ermənilər hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirib. Məsələn, bizim milli yeməyimiz olan dolmanı öz adlarına çıxırlar. Yer üzündə ermənilər qədər saxta, tarixi kökü olmayan ikinci bir tayfa yoxdur. Onlar bizə məxsus olan Bazar çayını çox həyasızcasına Voratan adlandırıblar. Urud kəndinin adını da Voratan etmişdilər. Mənim doğulduğum Ağudi kəndinin ərazisində yerləşən yer adları- Arpa, buğda təpələri, Şahtaxtı, Ayı kahası, Karxalı yurdu, Mütəllim gölü, Çınqıllı kimi yer adlarını həyasızcasına saxtalaşdırıb onlara məxsus yer kimi təqdim edirlər. Ermənilər əslində bu coğrafiyaya sonradan gəlmiş tayfadır. Amma bizim, türklərin sonradan gəlmə olduğunu, köçəri olduğunu iddia edirlər. Onların dənizdən dənizə Ermənistan xülyasını Cənab Prezident, Müzəffər Ali Baş Komandan darmadağın etdi. 44 gün ərzində onları məhv etdik”.
İxdiyar Nəcəfov həmçinin onu da vurğulayıb ki, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlayıb: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzur da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb və sovet hökuməti Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı böyük cinayət törədib. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tarixi ədalət bərqərar olur. Bir vaxtlar erməni daşnakları deyirdilər ki, biz gəlİb Bakıda çay içəcəyik. Onların bu arzusunu Cənab Prezident yerinə yetirdi. Bəli, bu gün onlar Bakıda çay içirlər, amma istintaq təcridxanasında. Gün gələcək İlham Əliyev cənablarının da dediyi kimi, biz o torpaqlara dinc yolla, avtomobillərlə qayıdacağıq. Qərbi Azərbaycan İcmasının bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparılır”.
Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin Qaraçuxur qəsəbəsi üzrə nümayəndəsi, Milli Məclisin deputatı Səyyad Aranın köməkçisi Pərvin Mahmudov da çıxış edib. Onun sözlərinə görə, son 200 ildə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı iki mindən artıq yaşayış məntəqəsi müxtəlif yollarla əhalisi deportasiya edilməklə, silah gücünə qovulmaqla, soyqırımına məruz qoyulmaqla, yandırılıb xarabaya çevrilməklə siyahıdan silinib, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılıb: “Ermənilər saxta tarix uyduraraq antik dövrün türk-azərbaycan mənşəli toponimlərə daha çox təcavüz etmiş, onları tanınmaz hala salmışlar. Ermənilər harada oldu iddia edirlər ki, guya Qafqaz, Kiçik Asiya, Orta Asiya, Qazaxıstan, Altay, Hind-Avropa, Çin, Türküstan da onların vətəni olub. Bu erməni xəstəliyi antik dövrlərdən assak mədəniyyətini türk xalqlarından qoparmağa xidmətin nəticəsi kimi meydana çıxmışdır. Ümumiyyətlə, 1920-1980-ci illərdə Ermənistanda 517 türkmənşəli yaşayış məntəqəsinin adı dəyişdirilib. 1991-ci ildə deportasiyadan sonra isə əvvəl 91, sonra 16 yaşayış məntəqəsinin də adı dəyişdirildi. Bu siyahıya sonralar da əlavələr olunaraq ümumilikdə 704 Azərbaycan mənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bir çox kənd isə ləğv edilərək adları da siyahıdan silinib”.
P.Mahmudov həmçinin qeyd edib ki, coğrafi adların azərbaycanlılara məxsusluğu heç bir şübhə doğurmur: ”Məsələn, bəzi nümunələrə nəzər salaq: Ağbulaq (içməyə yararlı, keyfiyyətli bulaq), Hamamlı, Ağcaarx, Ağcaqala, Ağcaqışlaq, Ağkilsə (rəng+Alban kilsəsi mənasında), Comərdli (əsasını qoyan Comərd adlı şəxsin adından əmələ gəlib), Gümrü. Bu söz bəzi mənbələrdə Gömrü variantında da keçir. Türkmənşəli qədim kimmer etnonimindən yaranıb. 1837-ci ildə adı dəyişdirilərək Aleksandropol qoyulub. 1924-cü ildə Leninakan, 1991-ci ildə ilk adının erməni dilinə uyğunlaşdırılmış formasında Kumayri, 1992-ci ildə isə Gyümri adlandırılıb. 1988-ci ildə azərbaycanlılar oradan deportasiya ediliblər.
Qərbi Azərbaycan toponimlərinin böyük bir hissəsini də birinci tərəfi hacı titulundan ibarət olan şəxs adları əsasında formalaşan sözlər təşkil edir ki, bunların xalqımıza məxsusluğu heç bir şübhə doğurmasa da, müəlliflər onlar haqqında da ətraflı məlumat veriblər: Hacı Bayram, Hacıdur, Hacı Elyaz, Hacı Xəlil, Hacı Qara, Hacılar, Hacı Muxan və s”.
Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova, 44 günlük Vətən müharibəsinin qazisi, baş leytenant Rafiq Rəhimli və Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin Əmircan qəsəbəsi üzrə nümayəndəsi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Orxan Muxtarov da çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda məktəbin şagirdləri ilə xatirə şəkili çəkdirilib.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir