Sumqayıtda, şəhərin mərkəzində təhlükəli bina, hər an təşviş içində olan çarəsiz sakinlər

Sumqayıtda, şəhərin mərkəzində bina sakinlərindən biri bütün sakinlərin həyatını heçə sayaraq təhlükəli vəziyyət yaradıb.

 

Azinformasiya.az  xəbər verir ki, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 18/31, mənzil 19 ünvanında yaşayan sakin blokun birinci mərtəbədəki giriş qapısı ilə ikinci mərtəbə arasındakı keçiddə yerləşən ümumi pəncərəni tamamilə bağlamışdır. Sözügedən sakin bina sakinlərinin heç bir razılığı olmadan və aidiyyəti orqanlardan müvafiq icazələri almadan blokun əsas çıxışı üzərində özbaşına balkon tikintisinə başlamışdır. Tikinti işləri birbaşa olaraq binanın yeganə evakuasiya yolunun üstündə aparılır və bu, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarının 5.2 bəndinə əsasən təhlükə yaradır. Qeyd olunan qaydalara əsasən, evakuasiya (köçürülmə) çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Bu isə o deməkdir ki, çıxış qapısının qarşısında heç bir maneə olmamalı, hər hansı konstruksiya evakuasiya yolunu bağlamamalıdır. Sözügedən balkonun çökdüyü təqdirdə, əsas çıxış avtomatik olaraq tamamilə bağlanacaq və bina sakinlərinin həyatı üçün birbaşa təhlükə yaranacaq. Xüsusilə, fövqəladə hallar zamanı (yanğın, zəlzələ və s.) bu çıxışın bağlanması və ya təhlükəyə məruz qalması evakuasiyanı qeyri-mümkün edər və insanların həyatı üçün ciddi təhlükə yaradar.

Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 18/31 ünvanında yaşayan sakinlər, həmin binada mənzil 19-da yaşayan sakindən belə fövqəladə dərəcədə təhlükəli vəziyyət yaratdığı üçün şikayətçidirlər. Sakinlər bu barədə şikayətlərini Sumqayıt şəhər Mənzil İstismar İdarəsinə, Sumqayıt şəhər İcra hakimiyyətinə bildirsələlər də bu vəziyyətlə əlaqədar heç bir tədbir görülməyib. Sözügedən qurumlar təhlüləli hal yaradan sakinlə bağlı heç bir tədbir görülməyəcəyini sakinlərə bildiriblər. Sakinlər isə haqlı olaraq səslərini eşitdirmək istəyirlər, dövlətimizin, haqqın, hüququn bu fövqəladə dərəcədə riskli vəziyyətə biganə qalmayacağına, sözügedən sakinin “Heç kim mənə heç nə edə bilməz, mən heç kimdən, dövlətdən də qorxmuram” kimi təkəbbürlü sözlərinə və davranışlarına cavab veriləcəyinə, məsələnin bütün sakinlərin xeyrinə həll olunacağına inanırlar.

Biz də dövlətimizin, dövlətimizə məxsus aidiyyəti qurumların bu fövqəladə dərəcədə insanların həyatına təhlükə yaradan vəziyyətlə bağlı böyük ölçüdə tədbir görəcəyinə və sözügedən sakinlərin həyatına biganə qalmayacağına inanırıq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir