“Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlığı daha yüksək səviyyəyə çıxardı”.
Bunu “Report”a Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfərini şərh edərkən bildirib.
“Tarixi xarakter daşıyan bu səfər Azərbaycan ilə Qırğız Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibətilə və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Dövlət başçıları dövlətlərarası münasibətlərin dərinləşdirilməsi, regiondakı vəziyyət və beynəlxalq inkişafın aktual problemləri ilə bağlı çoxşaxəli məsələləri müzakirə etdilər”, – səfir deyib.
Onun sözlərinə görə, səfərin əsas yekunu Azərbaycan-Qırğız Respublikası əməkdaşlığını yüksək səviyyəyə çıxaran strateji tərəfdaşlıq münasibətlərinin qurulması oldu.
“Prezident Sadır Japarovun da qeyd etdiyi kimi, hazırda dünyada baş verən köklü dəyişikliklər iki ölkə arasında yeni münasibətlər qurmaq üçün tarixi imkan yaradır. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev strateji tərəfdaşlığın həm böyük üstünlük, həm də böyük məsuliyyət olduğunu vurğuladı”, – səfir bildirib.
Kayrat Osmonaliyev iki ölkə liderlərinin ikitərəfli danışıqlarının bir sıra sənədlərin imzalanması ilə əlamətdar olduğunu xatırladıb: “Bu sənədlərdə qarşılıqlı maraq kəsb edən sahələr, əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində konkret addımlar müəyyən edildi. Güman edirəm ki, yaradılmış Dövlətlərarası Şura tərəflər arasında qarşılıqlı münasibətlərin tempini yüksəltməyə imkan verəcək və birgə layihələrin icra səmərəliliyini artıracaq”.