“Aktiv müharibə Ukraynanı NATO-ya günü sabah dəvət etməyi qeyri-mümkün edir. Bu, əsas faktordur”.
Azinformasiya.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında (CFR) çıxış edərkən bildirib.
Onun sözlərinə əsasən, müharibə başa çatan kimi Ukraynaya üzvlük vermək daha asan olacaq.
“Ukraynanın alyansa üzvlüyünü hamıdan çox dəstəkləyənlər də anlayır ki, bu proses niyə indi baş vermir. Əlbəttə, biz müharibədən sonraya baxmalıyıq, bu müharibə tez və ya gec bitə bilər, ancaq biz əmin olmalıyıq ki, tarix bir daha təkrar olunmayacaq. Çünki bu prosesə, Rusiyanın davranışına baxanda görürük ki, onlar birinci Krımla başladı, Krımın qeyri-qanuni ilhaqı zamanı biz bunu qəbuledilməz adlandırdıq, lakin Rusiya davam etdi, onlar Donbasa girdi.
Sonra Minsk razılaşmaları əldə olundu, ancaq buna baxmayaraq, Rusiya dəfələrlə bunu pozdu. Və nəhayət, keçən il biz Rusiyanın tammiqyaslı işğalçı hücumunu gördük. Bütün bunlar addımbaaddım həyata keçirilib. Biz əmin olmalıyıq ki, əgər müharibə bitirsə, bu, həqiqətən son olacaq. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, onun təhlükəsizliyi üçün zəmanət olmalıdır və NATO-ya üzvlük bu zəmanətlərdən biridir və təbii ki, ikitərəfli əməkdaşlıqla bağlı da fikirlər var. Yəni, NATO-ya üzvlük və müharibənin yekunlaşması arasında əlaqə var”, – NATO Baş katibi diqqətə çatdırıb.
Azinformasiya.az