“Hesab edirəm ki, dünənki görüşümüz yaxşı və konstruktiv keçdi və biz irəliləyiş əldə etdik”.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq iyulun 6-da Brüsseldə İsveç, Türkiyə, Finlandiya və NATO rəsmilərinin iştirakı ilə baş tutmuş görüş barədə söyləyib.
“Mən əminəm ki, biz hələ də aradan qaldırılmalı olan boşluqlarla bağlı irəliləyiş əldə etməyə davam edəcəyik. Ona görə mən Türkiyə və İsveç liderlərini bazar ertəsi görüşə dəvət etdim, bizim mütəxəssislərin də iştirakı ilə üçlü görüşümüz olacaq. Konkret məsələləri və detalları müzakirə edəcəyik. Bu fikir ayrılıqlarının öhdəsindən gəlmək üçün həll yoludur”, – o vurğulayıb.
NATO Baş katibi Stoltenberq İsveçin keçən il Madriddə imzalanan üçtərəfli sazişdəki öhdəlikləri ilə bağlı vədlərini yerinə yetirdiyini bildirib. “Həmçinin mən bəyan etmişəm ki, Türkiyənin təhlükəsizliklə bağlı həqiqi narahatlıqları var və ona görə də biz masaya əyləşib bunu müzakirə edirik.
Eyni zamanda NATO müttəfiqlərinin təhlükəsizlik narahatlığı var, onlar İsveçin mümkün qədər tez zamanda tamhüquqlu üzv olmasını istəyir. Hesab edirəm ki, İsveçin tez zamanda üzv olması Şimal regionu və Baltik regionu üçün, İsveçin özü üçün və ümumilikdə Türkiyə də daxil olmaqla alyansımız üçün yaxşı olacaq”, – Stoltenberq diqqətə çatdırıb.
Azinformasiya.az