Pxenyanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyanın Prezidenti Kim Çen Inla görüşüb.
Azinformasiya.az Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim və Şoyqu Pxenyanın əsas rəsmilərinin müşayiəti ilə yeni silah və texnikanın nümayiş olunduğu “Silah Sərgisi-2023” tədbirini ziyarət ediblər.
“Kim Çen In Şimali Koreyanın milli müdafiə inkişaf planı çərçivəsində istehsal olunan silahları təqdim edib və silahların inkişafının dünya miqyasında tendensiyası və onun strategiyası və iki ölkənin qarşı-qarşıya olduğu təhlükəsizlik gündəliyi haqqında fikirlərini bölüşüb”, – dövlət agentliyi bildirib.
KCNA-nın məlumatına əsasən, Kim Çen In “iki ölkənin suverenliyi, inkişafı və maraqlarının imperialistlərin özbaşına əməllərindən müdafiəsi uğrunda mübarizədə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikirlərini qarşı tərəfə çatdırıb”.
Şimali Koreya rəhbəri və Rusiyanın müdafiə naziri eyni gün (26 iyulda) ayrıca görüş keçirib və burada müdafiə məsələlərini müzakirə ediblər. KCNA hər iki tərəfin müzakirə olunan mövzulara dair fikirlərlə bağlı “konsensusa” gəldiyini yazıb. KCNA, eyni zamanda vurğulayıb ki, müdafiə naziri Şoyqu Kim Çen Ina Rusiya lideri Vladimir Putinin məktubunu verib.
Beynəlxalq media görüşdə Şimali Koreyanın Rusiyaya silah verməsi ilə bağlı müzakirələr aparılması ilə bağlı ehtimalları da qeyd edir.
Azinformasiya.az