Şarl Mişel: Rəsmi Bakı Avropa İttifaqının tərəfdaşıdır

Rəsmi Bakı Avropa İttifaqının tərəfdaşı olaraq qalır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində bildirib.

“Azərbaycan bu gün tərəfdaşdırmı? Bəli, tərəfdaşdır. Bu, o demək deyil ki, münasibətlərimiz sadədir. Xeyr, sadə deyil. Çətinliklər varmı? Bəli, bu çətinliklər realdır və bunu başa düşmək lazımdır”, – o qeyd edib.

Şarl Mişel, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinə Avropa İttifaqının göz yumması ittihamına da münasibət bildirib: “Mən arqumenti başa düşürəm, ancaq bu, düzgün deyil. Rusiyanın Ukraynaya təcavüzündən sonra biz Avropanın enerji təchizatını çox sürətlə diversifikasiya etmək qabiliyyətini göstərdik və buna görə də enerji təchizatı baxımından indi bir çox variantımız var”.

Şarl Mişel Aİ-nin Bakı ilə qaz müqaviləsinə yenidən baxmalı olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Lakin indi bizim baxmalı olduğumuz məsələ Ermənistan və Azərbaycan arasında münasibətləri necə normallaşdırmaqdır ki, biz hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qəti və mübahisəsiz şəkildə təmin edə bilək”.

Aİ lideri vurğulayıb ki, Aİ hər iki tərəfin verdiyi vədlərə hörmətlə bağlı öhdəlik götürməsini təmin edən normallaşma prosesini təşviq edəcək. Onun sözlərinə əsasən “mütləq prioritet sərhədlərlə bağlı danışıqların olmasını təmin etməkdir”.

“Məhz bu istiqamətdə irəliləyişi təmin edən Avropa vasitəçilik prosesidir, bura münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi, habelə əlaqələnmə dediyimiz məsələ, yəni həm Ermənistan, həm də Azərbaycan əhalisinin regionda hərəkətini təmin edən imkanlarının olması daxildir”, – Aİ lideri qeyd edib.

Aİ lideri 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalandıqdan sonra Qarabağda olan Rusiyanın sülhməramlı qüvvələrinin lokal antiterror tədbirləri zamanı kənarda dayanmasını pisləyib.

“Rusiyanın erməni xalqına xəyanət etdiyi aydındır.

Rusiya bu sülh və təhlükəsizlik müqaviləsinə zəmanət vermək üçün yerdə əsgərlərinin olmasını istəyirdi. Lakin biz görürük ki, hərbi əməliyyatlar ərazidəki Rusiya sülhməramlı qüvvələrinin zərrə qədər reaksiyası olmadan başlanıb. Digər tərəfdən, Avropa İttifaqının yerdə qüvvə və ya hərbi mövcudluğu yoxdur”, – Aİ lideri bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir