Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub.

Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini söyləyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə bağlı narahatlığını ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan dövlətimizin başçısı qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günə kimi Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini vurğulayıb.

Dövlətimizin başçısı Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Prezident İlham Əliyev qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.

Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir