Şarl Mişel: Aİ 2030-cu ilə kimi yeni üzvlər qəbul etməyə hazır olmalıdır

Avropa İttifaqı “etibarını saxlamaq” istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışı zamanı söyləyib.

“İnanıram ki, biz 2030-cu ilə kimi genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin həm də zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir”, Şarl Mişel vurğulayıb.

Aİ Şurasının Prezidenti qeyd edib ki, bloka qoşulmaq üçün gələcək üzv dövlətlər müstəqil məhkəmə sistemini təmin etmək, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün islahatlar həyata keçirməli və xarici siyasətlərini Aİ-yə üzv dövlətlərlə uyğunlaşdırmalı olacaqlar.

Şarl Mişel bütün namizədləri Avropa İttifaqına daxil olmamışdan əvvəl aralarındakı ikitərəfli münaqişələri həll etməyə çağırıb.

“Siz əmin olmalısınız ki, keçmiş münaqişələr Aİ-yə idxal olunmayacaq”.

Aİ Şurasının lideri, həmçinin qeyd edib ki, Avropa İttifaqı Şurası növbəti iclasında genişlənməni müzakirə edəcək.

Onun sözlərinə əsasən, Avropa Komissiyasının oktyabr ayında gözlənilən genişlənmə paketi gələcək üzvlərə bloka rəsmi üzv olmamışdan öncə bəzi Aİ təsisatlarında tam iştirakın faydalarını hiss etməyə imkan verə bilər.

Şarl Mişel bildirib ki, Aİ genişlənməyə hazır olmaq üçün bəzi islahatlar həyata keçirməlidir.

Qeyd edək ki, Qərbi Balkan dövlətləri – Albaniya, Bosniya, Serbiya, Kosovo, Monteneqro, Şimali Makedoniya bloka qoşulma prosesinin müxtəlif mərhələlərindədir. Keçən il Aİ Moldova və Ukraynaya namizəd statusu verib. Gürcüstan da həmin statusu almağı gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir