Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə gürcü həmkarı Şalva Papuaşvili ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və çoxşaxəli səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb.
Şalva Papuaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Görüşdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivliyi müzakirə olunub. Şalva Papuaşvili qeyd edib ki, Gürcüstanın yeni seçilmiş parlamentinə ilk rəsmi səfərin Azərbaycan Milli Məclisinin sədri tərəfindən həyata keçirilməsi rəmzi və sevindirici haldır.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında, həm sədrlər, həm də komitə sədrləri arasında əlaqələr müsbət qiymətləndirilib. Görüş zamanı Gürcüstan və Azərbaycan parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Parlament sədrləri, eyni zamanda Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti müzakirə edib və mehriban qonşuluq münasibətlərinin, sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıblar. Tərəflər strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üzərində işləməyə hazır olduqları qeyd ediblər.
Sahibə Qafarova Şalva Papuaşvilini Azərbaycana dəvət edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.
Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Anlaşma Memorandumu imzalanıb.
Tərəflər parlamentlərarası əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi barədə razılığa gəliblər. Onlar, eyni zamanda iki ölkənin parlament fəaliyyətinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması üçün komissiya və komitələr arasında müntəzəm əlaqələrin qurulmasına və parlament üzvlərinin nümayəndə heyətləri arasında mübadilələrin aparılmasına kömək edəcəklər.
Memorandumu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova imzalayıblar.
Azinformasiya.az