Milli Məclisin 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən seçilmiş deputatı Səyyad Aran mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirir, onları narahat edən problemləri dinləyir və səlahiyyətləri daxilində həllinə köməklik göstərir.
Azinformasiya.az xəbər verir ki, millət vəkili tərəfindən bu günə qədər bir sıra nəcib addımlar atılıb ki, bu da onun seçiciləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Səyyad Aran bir neçə gün əvvəl İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbini ziyarət edib, tədrisin keyfiyyəti və şagirdlərin bilik səviyyəsi ilə maraqlanıb.
Deputatın İmişlinin təhsil həyatında xüsusi rolu olan Qaradonlu kənd orta məktəbinə budəfəki səfəri şagirdlər üçün əlamətdar olub. Belə ki, millət vəkili məktəbə son model HP kompüterini hədiyyə edib və kompüterdən ilk sınağı da özü həyata keçirib. O bildirib ki, kompüter texnologiyası böyük sürətlə inkişaf edərək elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevrilmişdir: “Kompüter texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Təhsil sistemində informatika və informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılması, yəni, təhsilin yeni müasir keyfiyyətinə nail olmağa, kompüter savadlılığının, tədqiqat və praktik bacarıqların formalaşdırılmasına, eyni zamanda dünyagörüşün, maraqlılığın, davamlı diqqətin, yaddaşın, şüurun formalaşmasına xidmət edir”.
Məktəbin rəhbərliyi və kollektivi dəyərli hədiyyəyə görə deputata öz minnətdarlıqlarını bildiriblər.


Azinformasiya.az