Avqustun 8-də dünyanın bir sıra ölkələrində oftalmoloqlar öz peşə bayramlarını – Beynəlxalq Oftalmologiya Gününü qeyd edirlər.
Məlumat üçün bildirək ki, həmin günün peşə bayramı olaraq seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Belə bir günün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, dünya oftalmoloqlarına həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər vermək, görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdarlar çıxıb.
Artıq neçə illərdir ki, qeyd olunan Beynəlxalq Oftalmologiya Günü təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması oftalmoloji yardımı xəstələr üçün daha əlçatan etməyə yönəldilib, onlara yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı yaradıb.
Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönləndirilib. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir.
Əlbəttə, söhbət oftalmologiyadan düşmüşkən Azərbaycanı bu sahədə dünyada tanıdan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım ƏIliyevanı qeyd etməyə bilmərik.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Sevindirici hal ondan ibarətdir ki, Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində davamçıları yetişir və onlar öz vəzifələrinin öhdəsindən uğurla gələrək göz xəstəliklərindən əziyyət çəkən insanlara şəfa olurlar. Belə həkimlərimizdən biri də Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinin müdiri, tanınmış göz cərrahı Leyla xanım Babayevadır. Məlumat üçün bildirmək istəyirik ki, Babayeva Leyla Tahir qızı 2000-2006-cı illərdə Həştərxan Dövlət Tibb Akademiyasında təhsil alaraq oranı qırmızı diplomla bitirib. 2006-2007-ci illərdə Zərifə Əliyeva Elmi Tədqiqat Göz İnstitutunda internatura kursu keçib. 2007-2009-cu illərdə həmən institutda zədə şöbəsində əmək fəaliyyətinə başlayıb. 2009-2014-cü illərdə Mərkəzi Hərbi Hospitalda həkim-oftalmoloq kimi fəaliyyətini davam etdirib. 2014-2019-cu illərdə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında baş oftalmoloq kimi çalışıb.
2019-cu ildə isə Respublika Klinik Xəstəxanasında oftalmologiya şöbəsinin müdiri təyin edilib və cərrah olaraq indiyə kimi işini davam etdirir.
Leyla xanım həmçinin 2015 və 2017-ci illərdə Hindistanda təşkil olunmuş gözün ön seqmentinin cərrahiyyəsi, kataraktanın müxtəlif növlərinin cərrahiyyəsi, refraksiyon cərrahiyyəsi kimi cərrahi kurslarda iştirak etmişdir. Bununla yanaşı, dəfələrlə Azərbaycanı xarici konfranslarda layiqincə təmsil edib. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Türk Oftalmoloji Dərnəyinin üzvüdür.
Tam mübaliğəsiz demək olar ki, Leyla Babayeva bu gün Azərbaycanda sayılıb seçilən oftalmoloq cərrahlardan biridir və onun zəngin biliyi, eyni zamanda geniş təcrübəsi nəticəsində bu gün ölkəmizdə yüzlərlə insan göz xəstəliklərindən xilas olub. Məhz Leyla Babayeva Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinə müdir təyin edildikdən sonra şöbənin fəaliyyətində xüsusi irəliləyiş, inkişaf və vətəndaş məmnunluğu aydın şəkildə nəzərə çarpmışdır. Leyla xanım bütün seqmentlərə ən yüksək standartlarda göz sağlamlığı xidməti göstərmək üçün dünyada qəbul edilən ən son texnologiyanı və ən müasir diaqnostika və müalicə üsullarını tətbiq etməklə bu sahədə mütərəqqi inkişafa öz töhfəsini verir.
Qeyd edək ki, müasir dünyamızda, o cümlədən ölkəmizdə göz xəstəlikləri geniş yayılmışdır. Lakin Leyla Babayeva kimi həkimlərin səyi və bacarığı nəticəsində göz xəstəliklərinin uğurlu müayinəsi, müalicəsi həyata keçirilir.
Məsələn, göz hipertoniyası və ya tibbdə məlum olduğu kimi qlaukoma ən çox yayılmış xəstəliklərdən biridir. Göz hipertoniyası xəstəliyi uzun illər simptomlar olmadan irəliləyə bilər və daimi korluqla nəticələnə bilər. Bunun qarşısını almağın yeganə yolu mütəmadi olaraq göz müayinəsindən keçmək və bu yoxlamalar zamanı göz təzyiqini ölçməkdir.
Qlaukoma xəstəliyinin alt növü olan qapalı bucaq qlaukoması gözün ön hissəsinin daralması ilə xarakterizə olunur və göz təzyiqinin qəfil artması və saatlar ərzində görmə itkisi ilə nəticələnə bilir.
Göz təzyiqinin ölçülməsi hər göz müayinəsinin ayrılmaz hissəsidir. Ancaq bəzi hallarda göz təzyiqi aşağı olduqda da qlaukoma baş verə biləcəyi üçün müayinə zamanı optik sinirin qiymətləndirilməsi və göz tomoqrafiyası, yəni OKT aparılaraq zədənin olub-olmaması araşdırılmalıdır.
Yaşlı əhalidə görmə itkisinin ən mühüm səbəblərindən biri makula degenerasiyasıdır. Sarı ləkə retinanın ortasında yerləşən gözün görmə nöqtəsidir. Bu nahiyədəki hüceyrələrin qocalma səbəbiylə pisləşməsi, qanaxması və ya ölməsi daimi görmə itkisinə səbəb ola bilər.
Makula degenerasiyası erkən aşkar edilərsə, gözə dərman yeridilməsi ilə müalicə edilə bilər. Gecikdirilərsə, zərər artır və müalicənin müvəffəqiyyəti azalır. Makula degenerasiyasının quru növü yavaş-yavaş irəlilədiyi halda, yaş tipdə ani qanaxma və sürətli görmə itkisi baş verə bilər.
Yaxud Tor qişanın qopması. Göz qişasının qopması, başqa heç bir xəstəliyi olmayan gənc və ya yaşlı fərdlərdə birdən-birə baş verə bilən bir vəziyyətdir və tor qişada dəlik və ya yırtılma nəticəsində tor qişa təbəqəsinin yerindən ayrılması halıdır.
Erkən dövrdə sadə üsullarla qarşısı alınır. Ancaq gecikdirilərsə, cərrahi müdaxilə tələb olunur və bəzən daimi görmə itkisi baş verə bilər.
Yuxarıda qeyd olunan, eyni zamanda digər göz xəstəliklərinin müalicəsi Leyla xanım Babayeva tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Statistika göstərir ki, gün ərzində onlarla insan müxtəlif göz xəstəlikləri ilə bağlı Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinə müraciət edir. Bu insanların demək olar ki, heç biri naümid geri qayıtmır. Ona görə ki, onlara şəfalı əllərin sahibi, gözlərə nur verən Leyla Babayeva kimi həkim lazımi prosedurları icra edir. Leyla xanım bu günə qədər qazandığı tibbi biliklərlə kifayətlənmir. O daim yenilik, innovasiya, göz xəstəlikləri sahəsində tətbiq edilən müasir üsulları və araşdırmaları öyrənməklə onu təcrübədə həyata keçirir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır. Leyla Babayeva 2019-cu ildə Respublika Klinik Xəstəxanasının oftalmologiya şöbəsinə müdir təyin edildikdən bir müddət sonra. yəni 2020-ci ilin 27 sentyabr tarixində 44 günlük Vətən müharibəsi başlandı. Leyla Babayeva məhz həmən dövrdə müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına yorulmadan xidmət göstərdi. O bu gün də eyni missiyanı davam etdirir. Leyla Babayeva şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşan həkimlərimizdən biridir.
Yuxarıda qeyd olunanları ümumiləşdirib deyə bilərik ki, Leyla Babayevanın peşəkarlığı, işinə olan yüksək məsuliyyəti Respublika Klinik Xəstəxanasında göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini dəfələrlə yüksəldib.
Biz isə öz növbəmizdə fürsətdən istifadə edib 8 avqust Beynəlxalq Oftalmologiya Günü münasibətilə Leyla Babayevanı səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Azinformasiya.az