Qarabağdakı Rusiya sülhməramlılarının hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli nümayəndəsinin büstünün qoyulduğu “Rusiya Şöhrət Xiyabanı”nın yaradılması haqlı olaraq vətəndaşlarımız tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı sualların yaranmasına səbəb olub.
Ümumi fikir ondan ibarətdir ki, suveren bir ölkənin ərazisində yerləşən digər ölkənin hərbi kontingenti tərəfindən belə addımların atılması onun yerləşdiyi dövlətə və xalqa qarşı hörmətsizliyidir və bu, yolverilməzdir.
Azinformasiya.Az xəbər verir ki, bu fikirləri APA-ya açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev bildirib. Onun sözlərinə görə, əlbəttə, məsələyə yaxın tariximizdə bu kimi halların hansı arzuolunmaz nəticələrə gətirib çıxardığı prizmasından yanaşdıqda, insanları başa düşmək olar:
“Amma bəzi məsələləri də diqqətə çatdırmaq zəruridir. Artıq qeyd edilib ki, bu, Rusiya sülhməramlılarının hərbi düşərgəsinin ərazisində yerləşdirilib. SSRİ-nin xarici ölkələrdəki hərbi kontingentlərinin yerləşdiyi əraziləri yada salaq. Məgər həmin düşərgələrdə mədəniyyət nümunələri yaradılmırdı?..
ABŞ, Rusiya və s. dövlətlərin digər ölkələrdə yerləşən hərbi düşərgələrində bu tipli mədəniyyət nümunələrinin yaradılmasına dair çoxsaylı fakt var. Məsələn, ABŞ bazalarında məscid, kilsə və sinaqoqlar yaradılır ki, inanclı şəxslər öz dini ehtiyaclarını ödəyə bilsinlər”.
R. İmanquliyev xatırladıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının hərbi düşərgəsində də məscid yaradılıb:
“Elə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində ölkələrin liderlərinin şəkilləri asılıb. Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti 10 noyabr birgə bəyanatı ilə müəyyənləşdirilib və bundan irəli gələrək deyə bilərik ki, xiyabanın yaradılması müvəqqəti haldır”.
Hərbi ekspert vurğulayıb ki, əslində, əlləri hər yerdən üzülən ermənilərin belə addımlarla özlərinə qarşı isti münasibət formalaşdırmaq cəhdi yeni hal deyil, buna dair çoxsaylı misal gətirmək olar: “Başqa bir nümunə ölkədən kənarda xidmət aparan Azərbaycan sülhməramlılarını göstərə bilərik. Bu gün kənarda xidmət edən hərbi qulluqçularımız öz xidməti sahələrində liderlərimizin rəsmlərini və ya bir sıra atributlarımızı sərgiləyirlər və bu heç kimi narahat etmir. Biz də əhəmiyyətli olmayan davranışları strateji addım olaraq görməməliyik.
Bütün bunları nəzərə alaraq demək olar ki, məsələ ilə əlaqədar ictimai qınağı anlaşıqlı qarşılamaq lazımdır, lakin belə halları kimlərinsə Azərbaycan ərazisində özbaşınalığı və ya dövlətimizin zəifliyi kimi başa düşmək və ya qələmə vermək düzgün deyil. Azərbaycan dövləti kifayət qədər güclüdür, zərurət yarandıqda lazımi addımlar atır, kimsədən də çəkinmir, istəyinə də nail olur. Bunu sübut etmək üçün faktlar sadalamağa ehtiyac yoxdur”.