Bakı Hərbi Məhkəməsində 20 il öncə Rusiyada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.
Azinformasiya.Az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Diasporlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov şahid qismində ifadə verib.
O, qətlə yetirilən Elçin Əliyevi 1994-cü ildən Ukraynada biznes fəaliyyəti ilə məşğul olarkən tanıdığını deyib: “Bakıda olarkən, mənə zəng edib dedilər ki, Elçin qətlə yetirilib. Dərhal ailəsinin yanına getdim, orada hər kəs Elçini Rövşən Əkbərovun qətlə yetirdiyini deyirdi. Mən və mərhumun biznes ortağı Səməd Novruzov meyiti gətirmək üçün Ukraynaya getdik. Morqda gördüm ki, meyitin sinəsində bıçaq xəsarəti var”.
N.İbrahimov qətl barədə R.Əkbərovun özünün etiraf etdiyini bildirib: “Daha sonra Bakıya qayıdanda Rövşən Əkbərov hava limanında mənimlə görüşmək istədi. Rövşən Əkbərov, Qüdrət Əhmədov və mən “Dnepr” otelində görüşdük. Rövşən Əkbərov dedi ki, Məzahir, Elçin və o restoranların birində yeyib-içdikdən sonra mübahisə düşüb. Həmin vaxt mühafizəçi onları çölə çıxarıb. Həmin vaxt Rövşən Əkbərov Məzahiri yumruqla vurduqdan sonra avtomobilindən bıçaq götürərək Elçin Əliyevi qətlə yetirib.
Həmin vaxt məclisdə generalların şərəfinə sağlıq deyilib. Məzahir Şıxəliyev isə İsgəndər Həmidovu nəzərdə tutaraq “əsl generallar içəridə yatır” deyərək sağlığa etiraz edib.
Mənim barəmdə mətbuatda yazıblar ki, guya mən Rövşən Əkbərovu qaçırmışam və diplomatik toxunulmazlıq istəmişəm. Belə hal olmayıb. Mən arzulamazdım ki, Milli Qəhrəman qətldə günahlandırılsın”.
Bundan sonra R.Əkbərovun vəkili deyib ki, Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadə ilə 2021-ci ildə verdiyi ifadə üst-üstə düşmür. Buna görə də əvvəlki ifadəsinin elan olunmasını istəyib. Bundan sonra həmin ifadə elan olunub.
N. İbrahimov həmin vaxt ifadəsində R. Əkbərov ilə “Dnepr” otelində görüşdüklərini və həmin görüşdə üçüncü şəxsin olmadığını deyib.
O, həmin ifadəsində R.Əkbərovun hadisə ilə əlaqəsinin olmadığını bildirib. Vəkil şahiddən 20 il ərzində nəyə görə etiraf etmədiyini soruşub. Nazim İbrahimov isə ondan bu barədə hüquq-mühafizə orqanlarında soruşan olmadığını deyib.
Nazim İbrahimovun ifadəsindən sonra Rövşən Əkbərov çıxış edib. O deyib ki, Nazim İbrahimov yalan danışır: “Nazim İbrahimov deyir ki, mən ona etiraf etmişəm. Bu, düzgün deyil. Mən ondan soruşdum ki, nəyə görə mərhumun ailəsinə qətli mənim törətdiyimi demisən? Bütün deyilənlər yanlışdır. Qeyrəti, kişiliyi olan insan yalan danışmaz”.
Proses sentyabrın 8-də davam etdiriləcək.