Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı rəsmi məlumat yayıb.
Azinformasiya.Az-a daxil olan məlumatda deyilir:
“Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu sentyabrın 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb.
Bundan sonra R.Cəbrayılovdan “COVID-19” infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.
Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib”.