Rafael Cəbrayılov həbsdə vəfat etdi – Yenilənib

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

O, müalicə olunduğu “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, o, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi.

***

Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı rəsmi məlumat yayıb. 

“Qafqazinfo”ya daxil olan məlumatda deyilir:

“Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb.

Bundan sonra R.Cəbrayılovdan “COVİD-19” infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir