Rəsmi Moskva: Ermənistanla münasibətlər Qərbin İrəvana təzyiqləri səbəbindən çətin dövrünü yaşayır

Rusiya-Ermənistan münasibətləri çətin dönəmdən keçir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun illik mətbuat konfransına göndərilən suallara cavabında bildirilib.

Qeyd olunub ki, Moskva-İrəvan münasibətlərinin psiləşməsi Qərbin hərəkətlərinin nəticəsidir: “Bu, bir çox cəhətdən son bir ildə Ermənistana təzyiqləri artıran, onu Rusiya ilə ənənəvi əlaqələri pozmağa təhrik edən, erməni xalqına yad dəyər oriyentasiyaları tətbiq edən Qərbin hərəkətlərinin nəticəsidir. Təəssüf ki, respublika ABŞ və Avropa İttifaqının Rusiyanı Ermənistana əvəzləməklə bağlı əsassız vədlərinə tez-tez müsbət reaksiya verib. Axı KTMT Ermənistanın təhlükəsizliyinin təməl daşıdır, Aİİ-yə üzvlük isə onun iqtisadi rifahının açarıdır. Biz dəfələrlə erməni dostlarımıza çatdırmışıq ki, nə Vaşinqton, nə də Brüssel həqiqətən öz tərəfdaşlarının taleyi və maraqları barədə düşünmürlər.Qərbdə insanlar onları müstəsna olaraq utilitar şəkildə qavramağa vərdiş ediblər.

İrəvan keçən ilin sonunda Gürcüstanda baş verən hadisələrə diqqət yetirməyə bilməzdi. Yəqin ki, onlar Ermənistanda İrəvanın Moskvadan qopması “layihəsinin” avropalılar üçün “aşağıxərcli” və erməni əhalisinə “bir neçə soyuq qışa hazırlaşmaq” məsləhəti ilə bağlı çox danışılan bəyanatları eşidiblər. Amerika kəşfiyyat xidmətləri ilə sıx əlaqələri ilə tanınan Amerikanın “Stratfor” analitik mərkəzinin son proqnozu da eyni məcradadır. Orada açıq mətnlə qeyd olunur ki, administrasiya dəyişikliyindən sonra Vaşinqtonun Ermənistana münasibətdə eyni qızğın marağı çətin ki, olsun.

Moskva İrəvanla qardaşlıq münasibətlərini həmişə yüksək qiymətləndirib və dəyər verməkdə davam edir. Biz respublikanı təbii strateji tərəfdaşlarımızdan və müttəfiqlərimizdən biri hesab edirik. Biz Ermənistanla ticarət-iqtisadi və hərbi-siyasi sahədə ikitərəfli səviyyədə və ümumi inteqrasiya birlikləri çərçivəsində rəsmiləşdirilmiş bütün sazişlərə sadiqik.

Həmçinin Rusiyanın heç bir gizli gündəmi və ya həyata keçirilməsi Ermənistanın təhlükəsizliyinə və ya iqtisadi rifahına mənfi təsir göstərəcək “layihələri” yoxdur. Bunu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın göstəriciləri də təsdiqləyir. Hesablamalar hələ tamamlanmayıb, ancaq artıq demək olar ki, 2024-cü il üçün ticarət dövriyyəsi mütləq rekorda imza atıb.

Yeri gəlmişkən, Ermənistanı Rusiya bazarından imtina etməyə çağıran Aİ və ABŞ ilə ticarətin həcmi xeyli azdır və həm də azalma müşahidə olunur. Rusiya Ermənistanın əsas ticarət və investisiya tərəfdaşı olaraq qalır.

Biz 2024-cü ildə Ermənistanın Aİİ orqanlarına sədrliyinin nəticələrini yüksək qiymətləndiririk. Şübhə yoxdur ki, Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı son illərdə onun ÜDM-nin sürətli artımını xeyli dərəcədə təmin edib.

Bununla yanaşı, bir daha vurğulamaq məcburiyyətindəyik: Avrasiya iqtisadi inteqrasiyası və Avropa İttifaqına üzvlük bir araya sığmır. Ümid edirik ki, qarşıdan gələn ildə biz bir sıra mühüm layihələrin həyata keçirilməsində mühüm irəliləyiş əldə edə, həmçinin mədəni, humanitar və regionlararası mübadilələrin dinamikasını artıra biləcəyik”, deyə Rusiya XİN-dən bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir