Moskva öz aktivlərinin Avropa İttifaqı tərəfindən mümkün müsadirəsinə ticarət müharibəsi kimi baxır və buna cavab çox sərt olacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, bir sıra Qərb yurisdiksiyalarında qeyri-qanuni bloklanmış Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.
“Biz bu cür hərəkətləri yalnız bayağı oğurluq kimi deyil, həm də hərfi mənada ticarət müharibəsi, Qərbin ölkəmizə qarşı iqtisadi təcavüzünün artması kimi qiymətləndiririk. Ölkəmizə məxsus, qanunauyğunluğuna heç kimin şübhə etmədiyi və şübhə altına ala bilməyəcəyi hər hansı vəsaitin müsadirə edilməsinə cəhd beynəlxalq hüququn, yeri gəlmişkən, bu ölkələrin daxili qanunvericiliyinin və təbii ki, bütün ikitərəfli sənədlərin, öhdəliklərin kobud şəkildə pozulması olardı. Onları son addımdan uzaqlaşdıran yeganə şey nəticələrdir. Onlar bizim cavab verdiyimizi görürlər, bu, yumşaq desək, onları ruhdan salır və cavabın son dərəcə sərt olacağını başa düşürlər”, – Rusiya XİN rəsmisi vurğulayıb.
Azinformasiya.az