“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.
Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”, – deyə XİN rəsmisi vurğulayıb.