Ermənistan tərəfdə sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmaq meylləri mövcuddur.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında bildirilib.
“Regionda nəqliyyat kommunikasiyalarının bərpası, bu kontekstdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi istiqamətində fəaliyyət müvafiq işçi qrupu çərçivəsində davam etdirilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu sahədə ciddi irəliləyiş əldə edilməsi mümkün olmayıb.
Ümumiyyətlə isə, il ərzində Ermənistan-Azərbaycan arasında post-münaqişə dövründə normallaşma istiqamətində ikitərəfli təmaslarda qismən dinamika olmasına baxmayaraq, normallaşmanın hər üç istiqamətində əldə edilmiş tərəqqi gözləntilərə cavab verməyib. Bunun əsas səbəbini Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün zəruri siyasi iradə göstərməməsi, ziddiyyətli və qeyri-ardıcıl mövqeyi, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmaq səyləri, xüsusilə normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atması təşkil edir. Bununla yanaşı, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmaq meylləri mövcuddur”, – XİN-dən bildirilib.