“Qurban bayramına hazırlıq məqsədilə indiyədək AQTA tərəfindən kəsim və satış məntəqələrinin, eləcə də ticarət şəbəkələrinin rəhbərlərinə Qurban bayramında heyvan kəsimi və satışı tələblərini əks etdirən təlimatlar göndərilib. Habelə, prosesin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsi ilə bağlı rəsmi məktublar ünvanlanıb”.
“Azinformasiya.Az”ın xəbərinə görə, bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva brifinqdə deyib.
O bildirib ki, müəyyənləşdirilən yerlərdən kənarda, qanunsuz heyvan satışının qarşısını almaq üçün aidiyyəti qurumlar- AQTA, DİN, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri tərəfindən Qurban bayramı ərəfəsində monitorinqlər həyata keçirilir. Hazırda AQTA əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və həmin qruplar respublika üzrə qanunsuz qurbanlıq heyvan satışının qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər aparır:
“Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib. Həmin məntəqələrdən 32-ü Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb”.