“Bakı Forumu aktual qlobal problemlərin müzakirəsinə kömək edir. Sülh və barışıqla bağlı ismarışa görə minnətdaram”.
Azinformasiya.Az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Qordon Braun X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, COVID-19-a qarşı peyvəndin mövcud olmasına baxmayaraq, bəzi ölkələrdə buna hər 4 nəfərdən yalnız 1-nin çıxışı var: “Biz peyvənd etməsək və hər kəsə bərabər səviyyədə qayğı göstərməsək, bu, vicdanımızda ləkə kimi qalacaq. Odur ki, bu istiqamətdə maliyyələşməni təmin etmək üçün daha yaxşı yollar tapmalıyıq. Bu, növbəti çağırışlara hazırlaşmaq üçün yeganə düzgün yanaşmadır”.
Q.Braun vurğulayıb ki, dünya Rusiyanın Ukraynaya təcavüzündən sonra enerji resurslarının çatışmazlığı və ərzaq təhlükəsizliyi problemi ilə üzləşib: “Ölkələr səhiyyəyə deyil, borcun ödənilməsinə daha çox pul xərcləyir. Amma pandemiyanın nəticələri ilə mübarizə aparmaq lazımdır”.