Bildiyimiz kimi, ölkəmizdə 29 yanvar tarixində növbəti bələdiyyə seçkiləri keçiriləcək. Vətəndaşlar arasında seçkiyə maraq olduqca böyükdür. Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri təşviqat mərhələsi çərçivəsində silsilə səyyar görüşlərini davam etdirirlər.
Azinformasiya.az YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri İxtiyar Nəcəfov, Arif Şahmuradov Mirvari Quliyeva, Jalə Qibləliyeva, Eldar Mirzəliyev, Rəşad Rzayev və İlham Mirzəyevin iştirakı ilə keçirilən görüşlər Yeni Günəşli, “AB” massivi 6, 117 və 119 saylı binanın sakinləri ilə baş tutub.
Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxtiyar Nəcəfov sakinləri salamlayaraq onlara ilk olaraq partiyanın seçki proqramı haqqında məlumat verib. O daha sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən istisadi islahatlara və sahədə əldə olunmuş uğurlara toxunub. Onun sözlərinə görə, geridə qalan 22 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur: “Əldə olunan uğurları ilk növbədə ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması və cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər”. İ.Nəcəfov bildirib ki, məhz cənab president İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın ən aparıcı ölkələrindən birinə çevrilib: “Bu gün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır. Ölkəmiz hər sahədə sürətlə inkişaf edir. Bunun memarı isə İlham Əliyev cənablarıdır”.
Bələdiyyə sədri eyni zamanda Qaraçuxur bələdiyyəsi tərəfindən həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə də söz açıb.
Namizədlərdən Arif Şahmuradov Mirvari Quliyeva, Jalə Qibləliyeva, Eldar Mirzəliyev, Rəşad Rzayev və İlham Mirzəyev də çıxış ediblər. Onlar sakinləri 29 yanvar tarixində məntəqələrə getməyə, öz səsvermə hüquqlarından istifadə edib YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüşlər qarşılıqlı sual-cavabla davam edib. Bina sakinləri bu günə qədər Qaraçuxur bələdiyyəsi tərəfindən həyata keçirilmiş əməli işlərə görə öz təşəkkürlərini bildiriblər. Həmçinin bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürüblər.
Vətəndaşların təklifləri ilə bağlı müvafiq qeydiyyat aparılıb və lazımi tədbirlərin görüləcəyi vurğulanıb.
Azinformasiya.az