Qaraçuxur bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində işgüzar əlaqələrin qurulmasına nail olub – FOTOLAR

Azərbaycan Respublikasında 29 yanvar tarixinə təyin edilmiş bələdiyyə seçkilərinə sayılı günlər qalıb.

 

Azinformasiya.az  xəbər verir ki, təşviqat mərhələsi boyunca çox aktiv kampaniya aparan Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri növbəti səyyar görüşlərini keçiriblər. Görüşdə Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Jalə Qibləliyeva, Eldar Mirzəliyev, Rəşad Rzayev və İlham Mirzəyev iştirak edib. Qaraçuxur qəsəbəsi Rafiq Alıcanov kücəsi döngə 1, 2 ,3 və 4-ün sakinləri ilə keçirilən görüşdə açılış nitqini Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov edib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar vətəndaşlarımızın yerli səviyyədə idarəetmədə, həmin səviyyədə qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etməsi üçün əlverişli şərait yaratmışdır: “Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövr ərzində bir çox bələdiyyə, eləcə də Qaraçuxur bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplamış, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuşdur. Ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülməkdədir və bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılıb. Eyni zamanda, mühüm dövlət proqramları təsdiq edilib. Bu proqramlar çərçivəsində bələdiyyələr sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işlərinin təşkilində, avtomobil yollarının, eləcə də qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və yenidən qurulmasında, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında və abadlıq-quruculuq işlərinin davam etdirilməsində yaxından iştirak edirlər”.

İxdiyar Nəcəfov həmçinin onu da vurğulayıb ki, ölkəmiz yerli özünüidarəetmə ilə bağlı hüquqi münasibətləri tənzimləyən bir sıra beynəlxalq sənədlərə qoşulmuş, o cümlədən Avropa məkanında bələdiyyələr üçün başlıca beynəlxalq normativ-hüquqi akt hesab edilən “Yerliözünüidarə haqqında” Avropa Xartiyası ölkəmizə münasibətdə qüvvəyə minmişdir: “Hesab edirəm ki, bələdiyyə sisteminin daha da təkmilləşdirilməsi üçün atılan addımlar, müvafiq qanunvericiliyə edilən dəyişikliklər insanlarımızın bələdiyyə orqanlarına diqqətinin və marağının daha çox artmasına təkan verəcək. Əziz seçicilər, mən sizin hər birinizə bu görüşə gəldiyiniz üçün təşəkkür edirəm. Sizdən xahişim odur ki, 29 yanvar tarixində məntəqələrə gedin və qələbələr partiyasına çevrilmiş YAP-ın namizədlərinə səs verin”.

YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə digər namizədləri Arif Şahmuradov, Mirvari Quliyeva, Jalə Qibləliyeva, Eldar Mirzəliyev, Rəşad Rzayev və İlham Mirzəyev də çıxış edərək sakinləri seçki günü fəal olmağa səsləyiblər.

Görüş zamanı Rafiq Alıcanov kücəsi döngə 1, 2 ,3 və 4-ün sakinləri onları maraqlandıran bir sıra məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər. Həmən məsələlər müvafiq qaydada qeydə alınıb, sakinlərə bildirilib ki, mərhələli şəkildə qaldırdıqları məsələlər öz həllini tapacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir