Qaraçuxur bələdiyyəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib – FOTOLAR

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur bələdiyyəsi və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın təşkilatçılığı ilə “Uşaq hüquqları və azyaşlıların əməyinin istismarı”na həsr olunmuş tədbir keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada baş tutan təbdir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov şəhid ailələrini, qaziləri və bütün qonaqları salamlayıb.  O bildirib ki, uşaq hüquqları bütün dünyada uşaqların müdafiəsi və rifahının təmin edilməsi məqsədilə qəbul edilmiş beynəlxalq norma və qanunlarla qorunur: “Əsasən, 1989-cu ildə BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası, uşaqların hüquqlarını təmin edən ən önəmli beynəlxalq sənəddir. Bu konvensiya uşaqların sağlam və təhlükəsiz mühitdə yaşamaq, təhsil almaq, oyun və istirahət etmək, sağlamlıq xidmətlərindən faydalanmaq və öz fikirlərini sərbəst ifadə etmək kimi hüquqlarını tanıyır və qoruyur. Uşaq hüquqları hər bir uşağın cinsindən, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsdiqləyir”.

İxdiyar Nəcəfov həmçinin qeyd edib ki, azyaşlıların əməyinin istismarı uşaqların həm fiziki, həm də psixoloji inkişafına ciddi zərər vuran bir problemdir: “Bu, uşaqların təhsil alma imkanlarının məhdudlaşdırılması, sağlamlıq vəziyyətlərinin pisləşməsi və ümumilikdə onların normal uşaqlıq həyatından məhrum olmaları ilə nəticələnir. Azyaşlıların əməyinin istismarı müxtəlif formalarda ola bilər: təhsilalanların erkən yaşda əməyə məcbur cəlb edilmələri, xüsusilə təhlükəli və zərərli işlərdə istifadə olunmaları onların təhsil hüququndan məhrum edilməsi hesab olunur. Bu cür istismar halları yalnız uşağın inkişafına mənfi təsir göstərmir, həm də onların gələcək həyatına ciddi maneə törədir. Ölkəmizdə azyaşlıların əməyinin istismarının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlar arasında qanunvericiliklə uşaqların əməyinin qorunması, ictimai maarifləndirmə, sosial dəstək proqramları və beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır. Bizim də üzərimizə düşən əsas vəzifələrdən biri maarifləndirmə işlərini gücləndirməklə bunlara müvəffəq olmaqdır”.

Tədbirdə eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veysova, Suraxanı RİH yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asəf Əmrahov, Qaraçuxur məscidinin imamı Hacı Mirilyas Nəzərov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Digər çıxış edənlər Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görüldüyünü vurğulayıblar. Diqqətə çatdırılıb ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir