ABŞ-ın “Garmin” texnologiya şirkəti Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalara başlayıb.
Azinformasiya.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda həmin PUA-lardan istifadə etməsindən “narahat olan” şirkət öz istehsalı olan ehtiyat hissələrinin “Bayraktar” istehsalçılarına çatmamaları üçün bütün tədbirləri görəcək.
Bu barədə “Garmin”in rəsmi internet səhifəsində bildirilib.
Qeyd edək ki, dünyada analoqu olmayan “Bayraktar TB-2” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı əks-hücum və işğaldan azadetmə əməliyyatlarında ordumuzun gücünə güc qatır. Bundan əvvəl Suriya və Liviyada Türkiyə Silahlı Qüvvələrinin arsenalında istifadə olunan PUA-lara qarşı dünyada heç bir mühafizə və məhvetmə mexanizmi yoxdur. Bu da onu ölümcül edən əsas səbəblərdən biridir.
Dünyanın PUA sənayesində Türkiyəni sürətlə irəli daşıyan “Bayraktar” bütün bu səbəblərə görə Qərbdə sanksiyalarla qarşılaşır. Belə ki, Kanadanın “Wescam” şirkəti “Bayraktar” üçün optik sensorlar verməkdən imtina edib. Avstriyanın “Rotax” şirkəti (Kanadanın “Bombardier” holdinqinin bir hissəsi) mühərrikləri, ABŞ-ın “Viasat” şirkəti rabitə sistemlərini və “Trimble” Naviqasiya GPS qəbuledicilərini verməkdən boyun qaçırıb.