İxdiyar Nəcəfov: “Dövlətimizin başçısının ABŞ səfəri ölkəmizin dünyada artan nüfuzunu bir daha sübut etdi”
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Qaraçuxur bələdiyyəsinin inzibati binasında növbəti dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri İxdiyar Nəcəfov ilk öncə Prezident İlham Əliyevin avqustun 7-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin regionda yeni dövrün başlanğıcı kimi tarixə düşdüyünü bildirib.
Onun sözlərinə görə, bu səfər həm də ABŞ-Azərbaycan münasibətlərinin, iki ölkə arasında strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdı. Dövlətimizin başçısının ABŞ səfəri ölkəmizin dünyada artan nüfuzunu və siyasət meydanında gücünü bir daha bütün dünyaya sübut etdi. Bu tarixi hadisə Azərbaycanın həm siyasi, mədəni, iqtisadi, həm də elmi sahədə inkişafına stimul verdi.
Bu səfərin digər tarixi nailiyyəti isə uzun illərdən bəri Azərbaycan-ABŞ münasibətlərindəki qeyri-bərabərliyi və ölkəmizə qarşı ədalətsiz yanaşmanı ifadə edən “Azadlığı Müdafiə Aktı”na əlavə edilmiş 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı qərarın qəbul edilməsidir. 1992-ci ildən qüvvədə olan bu məhdudlaşdırıcı və Azərbaycana qarşı qərəzli qərarın aradan qaldırılması, Prezident İlham Əliyevin qətiyyətli və müdrik diplomatik fəaliyyətinin, milli maraqlarımızın qorunmasında apardığı uğurlu mübarizənin ən parlaq nümunəsidir. Bu addım Azərbaycan diplomatiyasının tarixi zəfəri olmaqla, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir.
İxdiyar Nəcəfov həmçinin Qərbi Azərbaycana qayıdış istiqamətində mühüm addımların atıldığını da vurğulayıb.
Daha sonra Tahir Əmiraslanov, Oruc Əliyev və Aygül Əsgərovanın müəllifi olduğu “İrəvan xanlığının bölgə mətbəxi” kitabı ətrafında müzakirələr, fikir mübadiləsi aparılıb.
Kitabın müəlliflərindən olan Oruc Əliyev bildirib ki, çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual və vacib sayılan bir mövzuya – İrəvan azərbaycanlılarının, bütövlükdə bir vaxtlar indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib: “Kitabda İrəvan mətbəxinə, ümumən bütün Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Burada İrəvan bölgəsinin köklü sakinləri olan azərbaycanlıların məişəti, güzəranı, süfrə mədəniyyəti haqda məlumatlar, habelə maddi mədəniyyət nümunələri, o cümlədən təsərrüfat avadanlıqları, əkin-biçin alətləri, böyük çeşiddə mətbəx ləvazimatları, yüzlərlə unikal yemək və içki adları, onların reseptləri təqdim edilib”.
Çıxışçılardan fizika elmləri doktoru Bəxtiyar Nəcəfov da kitab haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya Azərbaycanın qədim tarixə malik bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir. Bəxtiyar Nəcəfov eyni zamanda onu da vurğulayıb ki, Vaşinqton Bəyannaməsində təsbit olunan Zəngəzur dəhlizi, sadəcə yol deyil, bu, Azərbaycanın tarixi coğrafi bütövlüyünün bərpası, Türk dünyasının qovuşması, yeni siyasi, iqtisadi və mədəni xəritənin açılmasıdır: “Bu tarixi layihənin reallığa çevrilməsi Prezident İlham Əliyevin sözünün, xalqın gücünün və dövlətin qətiyyətinin bariz nümunəsidir. Vaşinqton Bəyannaməsinin mühüm məqamlarından biri də ATƏT-in Minsk qrupunun və onun kölgəsində fəaliyyət göstərən qurumların tarix səhnəsindən silinməsidir”.
Dəyirmi masada Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinə yeni üzvlər qəbul edilib. Tədbir iştirakçıları Qərbi Azərbaycan İcmasının fəaliyyətini çox müsbət qiymətləndirərək Cənab Prezidentin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdışın uzaqda olmadığını söyləyiblər.
Azinformasiya.az