Rusiya Baltik dənizində gəmiçiliyin məhdudlaşdırılmasına yol verməyəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev “Arqumenti i Faktı” qəzetinə müsahibəsində bildirib.
O deyib ki, Rusiya tankerlərin qorunması üçün Hərbi Dəniz Qüvvələrini səfərbər etməyə hazırdır.
Patruşevin sözlərinə əsasən, “faktiki dəniz blokadası cəhdlərinin qarşısı alınacaq, təzyiq artarsa isə blokadaya Hərbi Dəniz Qüvvələri son qoyacaq”.
Putinin köməkçisi bu vəziyyəti Rusiya yüklərini daşıyan gəmilərin saxlanması və yoxlanması ilə əlaqələndirib və NATO ölkələrini bölgədə hərbi fəaliyyətin artırılmasında günahlandırıb.
O qeyd edib ki, alyans mülki gəmiçilik üçün risklər yaradır, Baltikdə patrul və nəzarəti gücləndirir.
Patruşev vurğulayıb ki, Rusiya dənizdə milli maraqlarını qətiyyətlə qoruyacaq.
Həmçinin Putinin köməkçisi ticarət gəmilərinin müşayiət olunması və dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üzrə hazırlıqların getdiyini deyib. O, bunun yalnız Baltik dənizi ilə bağlı olmadığını, həm də “bütün strateji əhəmiyyətli marşrutların qorunması” məqsədini daşıdığını bəyan edib.
Azinformasiya.az