Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.
Azinformasiya.az xəbər verir ki, Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı əsas diqqət Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyətə yönəldilib.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı hərbi əməliyyatını BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər normalarına zidd sayıblar. Hər iki tərəf artıq çoxlu sayda insan tələfatına və bütün region üçün ciddi uzunmüddətli nəticələrə yol açan İran-İsrail münaqişəsinin gərginləşməsindən narahatlıqlarını ifadə edib. Liderlər hərbi əməliyyatların dərhal dayandırılması və mübahisəli məsələlərin, eləcə də İranın nüvə proqramı ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarı olduqlarını bildiriblər. Bununla bağlı hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığı davam etdirməsi razılaşdırılıb.
Ukrayna məsələsini müzakirə edərkən Putin birbaşa Rusiya-Ukrayna danışıqlarında təşkilati yardıma görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Rusiya ikinci raunddan sonra əldə edilmiş razılaşmalara, o cümlədən həlak olan hərbçilərin meyitlərinin verilməsi və hərbi əsirlərin dəyişdirilməsinə ciddi əməl edir.
Putin və Ərdoğan həmçinin ikitərəfli gündəlikdəki aktual məsələlər, o cümlədən enerji sektoru ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu mövzu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və iyunun sonunda keçiriləcək Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Rusiya-Türkiyə təmasları zamanı nəzərdən keçiriləcək.
Azinformasiya.az