Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub.
Azinformasiya.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.
Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.
Azinformasiya.az