“Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər. Lakin ərazi bütövlüyümüzlə bağlı bütün məqamları Prezident Volodimir Zelenski həll edəcək”.
Azinformasiya.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib.
“Dövlət başçısı ərazi bütövlüyümüzlə bağlı öz mövqeyini dəfələrlə ifadə edib. Krım Ukraynanın ayrılmaz hissəsidir. Bu məsələnin ertələnməsi sülh müqaviləsinin imzalanması üçün ola bilər. Biz dəqiq bilmək istərdik ki, neçə ölkə yanımızda olacaq. Biz 44 gündür ki, mübarizəni davam etdiririk”, – o bildirib.
M.Podolyak, həmçinin rəsmi Kiyevin müvəqqəti barışıqda maraqlı olmadığını deyib: “Bizə davamlı sülh lazımdır. Müvəqqəti razılıq durumun daha da gərginləşməsinə səbəb ola bilər. Elə etmək lazımdır ki, Rusiyanın Ukrayna ərazisini atəşə tutmaq və sərhədlərimizi keçmək barədə düşüncülərə qapılması belə, mümkün olmasın”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşündə Krım və Donbass məsələlərinin müzakirəsini “qəbuledilməz” adlandırmışdı.
Qeyd edək ki, Rusiya tərəfi Krımın statusunu müzakirə etməyə hazır deyil və Krım məsələsinin guya bağlandığını təkid edir.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.