Prezident İlham Əliyev Şuşada TDT-nin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə və bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi.

Zirvə görüşünün əhəmiyyətinə toxunan baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirdi. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxundu və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirdi. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğuladı.

Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi və bunu tarixi bəyanat kimi dəyərləndirdi. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini dedi. Təşkilatın katibliyinin strukturunun yenilənməsinə, ştat vahidinin artırılmasına və quruma göstərilən maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlət başçısı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu qeyd etdi və Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırladı.

Prezident İlham Əliyev Təşkilata üzv dövlətlərin dövlət və hökumət başçıları ilə təşkilatın gündəliyində duran məsələlərlə bağlı ətraflı müzakirələr aparacağına və bu Zirvə görüşünün təşkilat çərçivəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirdi, qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter daşıyacağına ümidvar olduğunu dedi.

Dövlət başçısı Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu vurğuladı.

Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirdi.

Baş katib COP29 münasibətilə dövlətimizin başçısına bir daha təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqlim dəyişikliyi məsələlərinə dair müxtəlif təşəbbüslərlə çıxış etməsinin və birgə tədbirlərin keçirilməsinin önəminə toxundu.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir