Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir