Prezident İlham ƏIiyev Qazaxıstanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, dövlət başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırlayıb. Qazaxıstan Prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.

Dövlət başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib.

Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirib.

Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub.

Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qazaxıstanın Baş naziri deyib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd edib.

Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Transxəzər muldimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını deyib və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb.

Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olundu, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə invesitisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir