Prezident: “Hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil”

Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

“Mən, həmçinin Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlara imkan yaratmaq təşəbbüsünə görə minnətdarlığımı bildirirəm. Biz bunu dərhal böyük minnətdarlıqla qarşıladıq. Bildiyiniz kimi, danışıqlar prosesi müəyyən nəticələrlə davam edir. Demək olmaz ki, biz bütün məsələlərdə razılığa gəldik. Amma yəqin ki, belə qısa müddətdə bunu gözləmək çətin olardı. Çünki 28 ildir ki, ATƏT-in Minsk qrupu bir santimetr belə irəli getməyib, 28 il ərzində bir məsələ də razılaşdırılmayıb. Ona görə də indi, il yarımdan sonra bütün məsələlərin razılaşdırılacağını gözləmək, təbii ki, bir qədər sadəlövhlük olardı. Ancaq vacibdir ki, proses olsun, onun dinamikası olsun və bir çox məsələlər razılaşdırılsın. Amma yenə də deməliyəm ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır”, – Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, AZərbaycanın heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb.

“Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”, – Prezident İlham Əliyev deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir